ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (27-ci bölüm)

Milli şəxsiyyətlər və milli qəhrəmanlarımız!

10-Doktor Cavad Heyət

Məmməd bəy Azadgər çağdaş Azərbaycanın böyük elmi, ədəbi və milli şəxsiyyətlərindən biri sayılan görkəmli yazıçı, türkoloq və eyni zamanda   tibb aləmində bacarıqlı bir həkim və cərrah olaraq dünya səviyyəsində böyük ad-san və şöhrət qazanmış dəyərli alim, Professor- doktor Cavad Heyətə qarşı bir çox milli qəhrəman və şəxsiyyətlərimizə etdiyi kimi, heç utanıb çəkinmədən ağır ittihamlar və çirkin töhmətlər vurmaqla təhqir etmişdir.

Məmməd bəy, doktor Cavad Heyətin şəxsiyyətini təxrib etmək amacıyla yazdığı məqalədə heç bir sənəd və dəlil ortaya qoymadan onun bir Mason olmasını və cəllad Şah rejiminin gizli istixbarat servisi olan SAVAK-ın qulluğunda olduğunu, eləcə də Türkiyədə öyrənci olduğu zaman onun aşırı bir sağçı olaraq, çomaq və biçaqla solçu öyrəncilərə saldırdığını iddia etmişdir.

Məmməd bəy hər nədən öncə bilməlidir ki, öz şərəf, namus, vicdan və bütün insanlığını satıb və İngilislərin amili və maşası olub ona qulluq edənlərin və yaxud Masonların istisnasız Türk və Azərbaycan düşməni olub və ona nifrət etmələridir. Yəni Mason olmanın birinci şərti qatı paniranist və fars nökəri və qulluqçusu olmaqla yanaş Azərbaycan və bütün Türklərə nifrət etməkdir. Gərçək budur ki, İngiltərə başda olmaq üzrə Qərb dövlətləri, eləcə də Rusiya dövlətinin Azərbaycan və ümumiyyətlə Türklərlə qarşı tutduqları belə bir siyasi mövqe, onların yüz ildən bəri heç bir zaman dəyişməyən uzun vədəli strategiyası olmuşdur.  

İran adlanan ölkədə quldur Rza Xanın hakimiyyətə gətirildikdən sonra onun ətrafında olan və fars elitəsi sayılan bütün dövlət mənsubları, eləcə də bəzi istisnalar olmaqla onun sözdə milli məclisində oturan satılmış vəkilləri və bütün şüubiyyəçi mollalar, qatı Türk düşməni olaraq ya bir başa Mason olub, yaxud İntelegenet servis və İngilis dövlətinin qulluqçuları olaraq onun iradəsiz, alçaq və zavallı amilləri olmuşlar. Bu o deməkdir ki, özünü Türk bilən və dərin bir milli şüura malik olub Türk və Azərbaycan sevdalısı olaraq bu qutsal mücadilədən heç bir zaman vaz keçməyən bir insan, öz şərəf, namus və qeyrətini satıb qatı Türk düşməni olan İngilis dövlətinin qulluqçusu və bir Mason ola bilməz. Daha doğrusu belə bir iyrənc iddiaların tam əksinə doktor Cavad Heyət, həyatı boyu İngiltərə dövlətinin göstərişi və təlimatı əsasında uzun illərdən bəri onun maşaları olan Masonların Azərbaycan və Türk millətinin şanlı tarixi və mədəniyyətinə xor baxıb onları saxtalaşdırmağa çalışan və onun bütün varlığına düşmən olub qara yaxan bu Masonlara qarşı milli varlığımızı müdafiə edərək, onlara kəskin qələmilə öz layiqli cavabını vermişdir.

O, "Varlıq" dərgisi başda olmaq üzrə 1979-cu ildən bəri İran adlanan ölkənin dövri mətbuatında, yayınlanan ədəbi və elmi dərgilərində, eləcə də dünyanın bəzi nəşrlərində Pəhləvi rejimindən miras qalmış paniranizm ideologiyasına qulluq edən satqın yazıçılara qarşı yorulmadan ciddi şəkildə mübarizə aparırdı.

Gərçək budur ki, doktor Cavad Heyətə belə bir ağır və çirkin ittihamları vuranlar, özləri bu iftira və böhtanlara layiq olmuşlar.

Məmməd bəy, dr. Cavad Heyətin Şah rejimi dönəmində polis (şəhrəbani) xəstəxanasında bir həkim kimi çalışaraq, bu zaman SAVAK,ın dəhşətli işkəncələri altında ağır yaralanan Əlirza Nabdil ilə (Oxtay) bağlı yazdığı öz xatirələrini ona qarşı bir suç bəlgəsi kimi göstərərək, onlara əsaslanıb və tamamilə əxlaqdan uzaq və vicdansızcasına bir çox ittihamlar irəli sürərək belə yazmışdır:

"İrqçı pantürkistlərin mənəvi atası olan doktor Cavad Heyət, bir Mason olmaqla yanaşı, həm də "Terora qarşı ortaq komitə,"nin həkimi olaraq, "Atamla mənim xatirələrim"də Əlirza Nabdil haqqında yazdığı xatirələrdən özünün düşündüyü kimi, həm də istədiyi tam əks nəticəni alaraq belə bir ifadələrlə çıxış edir.

Şəhrəbani də (Polis idarəsində) onun ittilaat və SAVAK məmurlarından ibarət yaranan «Terora qarşı ortaq komitə»də, onun qulluğunda olan doktor Cavad Heyətin öz etirafına görə görəvi, bu komitənin işkəncələrinə məruz qalan siyasi məhbusları, yaxud Şah rejiminə qarşı silahlı mücadilə aparan və əsasən fədayi və mücahilərdən ibarət olan muxaliflərin, Ortaq komitə ilə çatışmalarda yarlananları müalicə edib sağaldaraq, yenidən işkəncə olmaları üçün hazırlamaq olmuşdur."

Məmməd bəy tərəfindən, dr. Cavad Heyətə qarşı belə bir iyrənc ittihamlar və çirkin böhtanlar elə bir halda vurulmuşdur ki, Məmməd bəy Əlirza Nabdil (Oxtay) haqqında Cavad Heyətin yazdığı öz xatirələrini ona qarşı bir fakt kimi göstərərək, onun SAVAK-ın qulluğunda olduğunu iddia edir.

Halbuki çatışmalarda güllə ilə ağır yaralanan və hələ adını və kim olduğunu belə bilmədiyi Əlirza Nabdili həmən əməliyyata alıb və onun sağalması üçün bütün səyini göstərərək əlindən gələni əsirgəməmişdir.

Dr. Cavad Heyət ertəsi gün, Əlirza Nabdilin cismi durumunu yoxlamaq üçün onun yanına gedərək onunla salamlaşıb, lakin Əlirza Nabdilin tam etinasızlıqla qarşılıq verdiyini gördüyündə, onun səbəbini yanında olan şəfəqət bacılarından soruşub və onlardan biri, dünən gecə başı üstə keşik çəkən komitə məmuru onu işkəncə edərək, yatmasına mane olmasını söyləyir.

Dr. Cavad Heyətin bu olaylardan olduqca rahatsız və əsəbi olduğunu və həmən yaralı xəstənin yanına gəlib və nələrin baş verdiyini soruşduqda, onun Türk olduğunu öyrənib və onunla Türkcə danışaraq öz kim olduğunu və onlardan biri olmadığını deyib və dünən gecə başına nələrin gəldiyini ona söyləməsini istəyib. Əlirza Nabdil də dünən gecə huşa gəlib ayıldıqdan sonra məmurların gəlib və ondan etiraf almaq istədiklərini və yoldaşlarının sorağını aldıqlarını söyləyir.

Doktor Cavad Heyət, Şəhrəbani (Polis) xəstəxanasında bir həkim olaraq burada bir ürək cərrahlığı timində çalışmış və sadəcə öz insani və həkimlik vəzifəsini yerinə gətirərək xəstələrin təbabəti və bütün səyini onların sağalması üçün sərf etmişdir. Bilindiyi kimi doktor Cavad Heyət öz ixtisası üzrə yəni ürək cərrahlığı sahəsində nə inki İran adlanan ölkədə, bəlkə bütün dünyada məşhur olan Güney Afrikalı doktor Kristian Bernard kimi, öz dövrünün tanınmış bir neçə ürək cərrahlardan biri olmuşdur.

Bu səbəbdən də çox təbiidir ki, Şah rejimi, o və onun kimi bacarıqlı, istedadlı və böyük bir həkimi ilk öncə öz güvəndiyi polis və ordu mənsublarına xidmət göstərdiyini və onların sağlamlığı üçün çalışdığını istərdi.

Qeyd etmək lazımdır ki, Əliriza Nabdil və ümumiyyətlə onun kimi siyasi dustaqlara qarşı qəddar SAVAK məmurlarının etdiyi dəhşətli və qeyri-insani işkəncələrini görməyib, yaşamayan insanlara belə işkəncələrin təssəvürü mümkün olmasada, bu zaman SAVAK,ın cəhənnəmindən qurtulmanın bircə yolu ölüm olmuşdur. Yəni bu İşkəncələr, Əlirza Nabdil kimi qəhrəman və mübariz bir insan üçün həftələr, aylar və o zamana qədər ki, mənsub olduğu təşkilat, yoldaşları və bunlarla əlaqədə bir çox məsələləri bütün təffəüatilə bağlı bütün bildiklərini söylüyənə qədər davam edirdi. Bu səbəbdən də belə bir dəhşətli şərayitdə gündə yüz kərə ölüb-dirilməkdən, bir kərə ölmək insan üçün dahada rahat və yaxşı olurdu. Bütün bunları nəzərə aldıqda Əlirza Nabdilin belə işkəncələrə məruz qalması, sonra özünü pəncərədən atıb qarnının partlamasıyla ağır yaralanması və ardından doktor Cavad Heyət öz insani, əxlaqi və həkimlik vəzifəsini yerinə gətirib onu müalicə edərək, həyata döndərilməsini sağlayan insanı, SAVAK,ın qulluqçusu kimi göstərmək, gərçəkdən bir rəzalət və bir alçaqlıqdır. Məmməd bəyin yazısında da qeyd olunduğu kimi doktor Cavad Heyət, Əlirza Nabdili xəstəxanada tanısada, onun əsil kim olub, həm də mübariz bir şair olduğunu Azərbaycanın böyük və mübariz şairi olan Bulud Qaraçorlu Səhənddən soruşduqda öyrənmişdir.

Burada qeyd etməliyik ki, doktor Cavad Heyətin Səhənd kimi böyük və dərin milli şüura malik mübariz bir şairilə olan yaxın dostluq və gözəl münasibətlərin olması belə bir yersiz iddiaların nə qədər gərçəklərdən uzaq olduğunu göstərir.

Məmməd bəy eləcə də doktor Cavad Heyətin Türkiyədə universitetdə oxuduğu zaman onun siyasi baxımdan sağ düşüncəli bir öyrənci olub və solçu öyrəncilərə qarşı çomaq və biçaqla saldırdığını yazır. Ancaq Məmməd bəy bilməlidir ki, onun öyrənci olduğu zaman Türkiyənin nəinki bütün universitetlərində, bəlkə təəssüflər olsun ki, ölkə çapında keçən yüzilin 80-ci illərinə qədər sağçı və solçu qarşı durmaları və hər iki tərəfin soyuq və odlu silahlarla bir-birlərinə saldırması acı bir gərçəkdir və burada bir tərəfi haqlı göstərib və qarşı tərəfi suçlamaq heç bir məntiq, əxlaq, həm də insalığa uyğun gəlmir.

Ancaq qeyd etmək lazımdır ki, Türkiyədə qardaşı-qardaşın qarşısında qoyub və hətta qardaşı-qardaşa qırdırıb və uzun illər boyu belə bir xoşa gəlməz şərayiti Türkiyənin başa-başında hakim bir duruma gətirmək, imperialist dövlətlərin qanlı senariyoları əsasında olmuşdur və çox təəssüflər olsun ki, hər iki tərəfdə belə bir çirkin oyunun bir parçası və həm də qurbanı olmuşdur.  

Bütün bunları nəzərə aldıqda yəqinliklə deyə bilərik ki, bu çirkin ittihamlar, töhmətlər, qara yaxmalar və çomur atmaların heç birisini ona bağlamaq mümkün deyildir.

12.05.2019

Ardı var