AZOH təşkilatın sözçüsü Əmir Mərdaninin Axar.az (https://axar.az/) müsahibəsindən bir neçə bölüm:
- Milli mənfəətlərin və bütün haqların əldə olunmasını özümüzə hədəf seçmişik. Bu, bizim manifestimizdə də qeyd olunub. Millətin öz müqəddaratını təyinetmə yolunda haqqının bərpa olunmasını istəyirik. Müstəqil Güney Azərbaycana, yaxud da Bütöv Azərbaycana nail olduğumuz günə kimi əlimizdə olan bütün imkanlardan faydalanmağa çalışırıq.
- Fars müxalifətinin əlində olan media bizim səsimizi batırmaq üçün durmadan çalışır. Avropa Parlamentinin nümayəndələri ilə görüşə getdiyimiz zaman məlum oldu ki, bizim haqqımızda onlara doğru olmayan xəbərlər çatdırılıb. Sonra biz haqlı olduğumuzu isbatlaya bildik. Bütün bu çətinliklərə baxmayaraq, işlərimizi davam etdiririk. Türkiyədə, Şimali Azərbaycanda mütamadi olaraq seminar və iclaslar təşkil edirik. Bu iş birliyimizi dərinləşdirmək niyyətindəyik. Həmçinin, bəzi təşkilatlarla əməkdaşlığımız var. İranda yaşayan qeyri-fars millətlərin təmsil olunduğu qurumlarla da danışıqlarımız olub və onlarla gələcəkdə əməkdaşlıq qurmağa cəhd edirik.
- Güney Azərbaycanda baş tutan aksiyalarda ön sırada gənclər və tələbələrdi. Tələbələrin bu fəallığı hər zaman olub. Güney azərbaycanlı gənclərin aktivliyini İranda baş verən bütün etirazlarda görə bilərik. Fars və ya qeyri-fars millətlərə baxdığımızda onların etirazlardakı fəallığı haqqında birmənalı danışmaq olmur. Amma azərbaycanlılar, istisnasız olaraq, ön sıradadılar. “Traktor”un oyunlarına onminlərlə azarkeş qatılır. Onlar da milli şüarlar səsləndirir. Oyunu izləyənlərin çoxu gənc və tələbələrdir. Fəallıq göstərdiyi üçün tutulanlar arasında tələbələrin sayı çox olur.
- Etirazlarda daha çox dörd tələbimizin həyata keçirilməsini istəyirdik. Bunlar gender bərabərliyi, dini tolerantlıq, hakimiyyətdə təmsil olunan bir qrup oliqarxın ölkə sərvətlərini mənimsəməsinə son qoymaq, qeyri-farslara olan ayrı-seçkilik siyasətinin qarşısını almaqdır.
- Təbriz Universitetinin tələbəsi Aylar Həqqinin qatillərinin nə vaxtsa cəzalanacığına ümid edirsinizmi?
- Aylar Həqqinin qatillərinin nə vaxtsa cəzalandırılması bu rejimdə mümkün olmayacaq. Bu, birinci dəfə deyil və təəssüf ki, sonuncu da olmayacaq. Bənzər hadisələr çox olub. Hətta qətl törədən şəxslər bəlli olsa da, onlara heç bir cəza verilməyib. 2006-cı il may qiyamında bizim bir çox şəhidimiz oldu. Qatilləri məlum idi, ailələr şikayət edib, onların cəzalandırlmasını istədilər. Məcbur qalıb bu işləri görən şəxslərin adlarını açıqladılar, lakin cəza vermədilər. Deməli, bu sistem heç bir zaman istəmir ki, öz adamlarını mühakimə etsin. Yeri gələndə gənclərin qatilləri mükafatlandırılır və vəzifələrini artırırlar.
- İranda sizin hərəkatdan savayı başqa hansı tələbə birlikləri var?
- İranda Güney Azərbaycan, türkmən, qaşqay, eləcə də qeyri-farslara və farslara aid olan öyrənci birlikləri haqqında danışmaq olar. Güney Azərbaycan, qaşqay və türkmən tələbə birlikləri ilə əlaqələrimiz daha sıxdır. Bir çox dərnəklərdə, birliklərdə fəaliyyət göstəririk. Bu barədə ətraflı danışmaq onların həyatı üçün təhlükəli ola bilər deyə, ümumi məlumat verirəm. Bu kateqoriyadan olan tələbə birlikləri ilə sıx əlaqəmiz olub və bir sıra uğurlar da əldə etmişik. Qeyri-farslarla əlaqələrimiz keçmişdə necə var idisə, yenə də davam edir. Ortaq bəyanatlarımız və birgə aksiyaların qurulmasında işbirliyimiz olub. Fars öyrəncilərin qruplarına gəlincə, bu öyrənci hərəkatı 2009-cu ilə qədər güclü idi. Əhmədinejat hakimiyyətə gəldikdən sonra fəaliyyətdə olan dərnək və qrupları ağır basqılara məruz qaldılar. Hazırda qrup şəklindən daha çox fərdi fəaliyyət göstərirlər. Onlarla bir o qədər də əlaqəmiz qalmayıb.
- Güney Azərbaycan məsələsinin həlli, soydaşlarımızın haqlarını bərpa etməsi üçün nə kimi addımlar atılmalıdır?
- Güney Azərbaycan milli hərəkatında millətin səadəti və azadlığı bir quş kimi təsvir edilir. Quşun bir qanadı Güney Azərbaycanda yaşayan milli fəallar, digər qanadı isə xaricdə yaşayan milli fəallardır. Bu qanadlar güclü olmalıdır və birgə hərəkət etməlidir ki, uça bilsin. Xaricdə yaşayan fəalların ən mühüm vəzifəsi lobbiçilikdir.